:::: MENU ::::

14 Kasım 2022 Pazartesi

 



2022-ci il fevral ayının 24-də başlayan Rusiyanın Ukraynaya hərbi müdaxiləsi İkinci Dünya müharibəsindən sonra Avropa ərazisində baş vermiş ən geniş miqyaslı müharibə hesab olunur. Lakin bu müharibənin “əsas xüsusiyyəti” onun Qərblə Rusiya arasında mandat müharibəsinə çevrilməsidir.

NATO hələ müharibədən əvvəl elan etdiyi kimi, Ukraynaya əsgər göndərməsə də, Rusiya ordusunun hücumu qarşısında Ukrayna müdafiəçilərini hər növ silah və sursatla təmin etməklə faktiki olaraq Əfqanıstanda SSRİ-yə qarşı aparılan kampaniyanı təkrarlamış oldu. Bu barədə bir qədər sonra.

Ən pis ssenari

Ukraynaya hücum Rusiya üçün və ümumilikdə Ukrayna münaqişəsi ilə bağlı seçilə biləcək ən pis ssenari idi. Ancaq tərəflərdən heç biri bunun baş verməməsi üçün gərəkli olan siyasi-diplomatik addımı atmadı. Təbii ki, burda qeyd olunan “tərəf” Ukraynadan çox Qərbi nəzərdə tutur. Çünki 8 il əvvəl Krımı, həmçinin Donetsk və Luqansk vilayətlərinin əhəmiyyətli hissəsini itirmiş Ukraynanın necə deyərlər, geriyə yolu yox idi. Rusiyanın istədiyi təminatı vermək Kiyev üçün həm də ərazilərin itirilməsi ilə barışmaq demək idi. Üstəlik o da aydın idi ki, növbəti dəfə Ukrayna arxasında bu qədər böyük dəstəyi bir daha görməyə bilərdi. Bu səbəbdən də Kiyev Rusiyanın tələblərini qəbul etmədi. Və faktiki olaraq heç bir tərəf son ana qədər müharibənin baş verməməsi üçün lazım olan addımları atmadı. Eləcə də Qərb Ukraynanı müharibədən qoruyacaq addımları atmadı.

Beləliklə, Rusiya prezidenti Vladimir Putinin müharibədən təxminən 50 gün sonra etiraf etdiyi kimi, Ukraynada ən pis ssenari oldu. Avropa torpaqlarında İkinci Dünya müharibəsindən sonra ən böyük və geniş miqyaslı hərbi əməliyyatlar baş verdi. Bu müharibə həm də bütün Avropanı Rusiyaya qarşı səfərbər etdi. Hətta “soyuq müharibə” illərində Rusiya bu qədər qabarıq və geniş miqyasda sanksiyalara məruz qalmamışdı. Artıq Avropa hava və dəniz limanları Rusiya təyyarə və gəmiləri üçün bağlanıb, Qərbin nəhəng şirkətləri, brendləri Rusiyadan çəkilib, əksər böyük şirkətlər Moskva ilə ticarəti və əməkdaşlığı dayandırıb. Müharibənin ilk günlərində deyildiyi kimi, Qərb Ukraynanı yalnız qoymadı, əksinə, hazırda planetin mühüm bir hissəsi Ukraynanı dəstəkləyir. Bu dəstək Ukraynada vuruşan 20 min əcnəbi könüllü də daxil olmaqla NATO silah və sursatları, kəşfiyyat məlumatlarının paylaşılmasına qədər müxtəlif sahələri əhatə edir. Ukrayna Rusiya qarşısında tək qalmadı.

Məhz bu səbəbdəndir ki, dünyanın ikinci ən böyük ordusu 2 aydır davam edən müharibədə Ukrayna müqaviməti qarşısında irəliləyə bilmir. Baxmayaraq ki, Rusiyanın Ukrayna qarşısında ciddi hava və raket-artilleriya üstünlüyü var. Təbii ki, ukraynalılar da döyüşdülər.

Ukrayna ordusunun taktikası

FOTO: Fevralın 27-də Kiyev vilayətinin Buça şəhərinə daxil olan Rusiya silahlı qüvvələri Ukrayna ordusu tərəfindən tamamilə darmadağın edilib. Şəhərə daxil olmuş Rusiya ordusunun 30-a yaxın döyüş texnikasından geriyə qalan yalnız metal yığınıdı.

Müharibədən əvvəl, hətta ilk günlərdə bir çox tanınmış mütəxəssis Ukrayna ordusunun uzun zaman tab gətirə biləməyəcəyini düşünürdü. Əslində bu cür düşünənlərin əsaslı arqumentləri vardı. Rusiya ordusunun əməliyyat gücü, hava və raket-artilleriya üstünlüyü, nəhayət, 8 il əvvəl Ukrayna ordusunun Rusiya qarşısında zəif müqaviməti.

Ancaq müharibənin ilk 3 günü davam edən şok keçdikdən sonra məlum oldu ki, Ukrayna 8 ildə ciddi ordu quruculuğu həyata keçirib. Ukrayna ordusu Rusiyaya qarşı ciddi müqavimət potensialını nümayiş etdirdi.

Müharibənin 3-cü günündə artıq məlum oldu ki, Ukrayna ordusu rus müdaxiləsinə qarşı hesablanmış və ağıllı müdafiə taktikası seçib. Kiçik qruplar şəklində formalaşdırılmış Ukrayna hərbi qüvvələri ucsuz-bucaqsız ərazidə hərəkət edən Rusiya nizami qüvvələrinin kolonlarına qəfil hücumlar təşkil edərək sarsıdıcı zərbələr vurmağa başladı. Ərazini yaxşı tanımayan, böyük kolonlarla hərəkət edən, hava şəraitinə görə torpaq üzərində hərəkət edə bilməyən, yalnız asfalt üzərində hərəkət edən Rusiya qüvvələri yaxşı hazırlıqlı Ukrayna qüvvələri üçün “yem” idi.

Müharibənin ilk günlərində məlum oldu ki, Rusiya ordusu Ukrayna ilə bağlı hesablamalarında ciddi şəkildə yanılıb. Burda əlbəttə başqa amillər də vardı. Rusların 8 il əvvələ əsaslanan arxayınlığı onlara baha başa gəldi. Fevral ayının 25-də Kiyev vilayətinin Vasilkov rayonu ərazisində Rusiya Silahlı Qüvvələrinə məxsus İL-76 təyyarəsinin içərisində 100-dən çox desantla birlikdə vurulub salınması ruslara dəyən ilk tərs sillə oldu.

Ukrayna ordusu komandalığı Rusiya qüvvələri ilə açıq meydan müharibəsində qalib gəlmənin çətin olduğunu bildiyi üçün ən uğurlu müdafiə taktikası hesab olunan partizan müharibəsinə üstünlük verdi. Rusiya hərbi kolonları qəfil hücuma məruz qalır, şəhər müharibələrinə cəlb olunur ki, burda da nizami orduların üstünlük qazanması nadir hallar, özü də ağır itkilərlə mümkün olur.

Ukrayna müharibəsinin dərsləri – NATO silahı

Ümumilikdə 2014-cü ildə Ukraynada inqilabdan sonra başlayan ordu quruculuğu prosesinə NATO bu ölkəyə ciddi dəstək verib. Ukrayna ordusu və hüquq mühafizə orqanları yenidən formalaşdırılıb. Rusiyanın Ukraynaya hücumu qarşısında bu ölkəyə əsas silah dəstəyi verən ABŞ oldu. Rəsmi Vaşinqton bu ilin əvvəlindən etibarən Ukraynaya hərbi təyinatlı yardımları artırıb. Ən son olaraq aprelin 13-də prezident Bayden Ukraynaya 800 milyon dollarlıq silah və sursat yardımı paketini açıqlayıb.

Stokholm Beynəlxalq Sülh Araşdırma İnstitutunun (SIPRI) məlumatına görə, ABŞ ümumilikdə 2014-cü ildən müharibə başlayana qədər Ukraynaya 1300 ton silah və sursat göndərib. Bu, 2,5 milyard dollar deməkdir. ABŞ-ın Ukraynaya 2014-cü ildən davam edən maddi-texniki yardımının bir hissəsi olaraq ABŞ Ukrayna Silahlı Qüvvələrinə 2015-ci ildə açıqlanmayan sayda şəhər döyüşləri üçün effektli silahlardan sayılan “Barrett” və DTA SRS-A1 snayper tüfəngləri; DRTG-73 tank əleyhinə reaktiv qranatları; 9,5 milyon dollar dəyərində 72 ədəd RQ-11B “Reyvn” PUA-ları; 2015-ci ilin iyulunda 100-dən çox, 2017-ci ilin yanvarında isə 40 ədəd yolsuzluq şəraiti üçün nəzərdə tutulan “Hummer” hərbi avtomobili; 2016-cı ildə 14,5 və 24 km məsafədə düşmənin artilleriya və minomyot qurğularını, reaktiv atəş sistemlərinin dislokasiya olduğu məkanları müəyyənləşdirə bilən 4 ədəd /TPQ-36 və 10 ədəd AN/TPQ-49 markalı artilleriyanın yerini aşkarlayan radar sistemləri göndərib.

Habelə, 2018-ci ilin fevral ayında təxminən 5.8 milyon dollar dəyərində ümumi sayı 2500 ədəd olan AN/PVS-14 gecəgörmə cihazları verib. Bundan başqa, 2018-2020-ci illərdə Ukrayna ABŞ-dan 360 ədəd “Javelin” raketi və 47 ədəd işəsalma qurğusu əldə edib. ABŞ-ın Müdafiə Nazirliyi 2020-ci maliyyə ilində Ukraynaya əlavə olaraq 250 milyon dollar dəyərində hərbi yardım edəcəyini açıqlayıb və 2020-ci ilin aprel ayında açıqlanmayan sayda “Toyota Land Cruiser 70” şassisində xüsusi təyinatlı nəqliyyat vasitələri bağışlayıb. Habelə, 2021-ci ilin noyabr ayında Qara və Azov dənizlərinin Ukraynaya aid hissəsində təhlükəsizliyi təmin edəcək “İsland” sinif  “Fastiv” və “Sumi” adlı iki ədəd patrul kateri çatdırılıb. Hələ 2022-ci ilin yanvar ayında ABŞ Ukrayna Ordusuna 40 mm çaplı Mk.19 (Mark 19) dəzgahlı avtomatik qumbaraatanlarını və onlar üçün döyüş sursatlarını tədarük edib. ABŞ-ın hərbi yardımını gətirən yeddinci aviareys isə 85 ton 40×53 mm-lik M430A1 HEDP qəlpəli-kumulyativ qumbaralı atəş yığımlarını çatdırıb.

ABŞ cari ilin aprel ayında elan etdi ki, Ukraynaya helikopterlər göndərəcək. Pentaqonun sözçüsü Con Kirbi Ukraynaya verilən silah və texnikaların içərisində Mİ-17 helikopterlərinin olacağını açıqladı. Bundan başqa sonuncu yardım paketinə 155 mm-lik haubitsalar, artilleriya radarları, hava müşahidə radarları, taktiki pilotsuz uçuş aparatları, raket və zirehli avtomobillər daxil edilib. Bu artıq hücum silahlarıdır və siyahıdan belə anlaşılır ki, Pentaqon Ukraynanı uzun müddətli müharibəyə hazırlayır.

Bununla da ABŞ-ın son bir il ərzində Ukraynaya hərbi yardımlarının həcmi 3 milyard dolları keçib. Bu, Ukraynanın mövcud hərbi büdcəsinin yarısından çoxdur. Ümumilikdə ABŞ prezidenti 2021-ci ildə Ukraynaya 1,2 milyard dollar, bu ilin fevralında 350 milyon, martda isə 200 milyon və daha sonra 800 milyon dollarlıq silah və sursat yardımı ayırıb. Cari ilin mart ayının 10-da ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya ümumilikdə 13,6 milyard ABŞ dolları dəyərində yardımın göndərilməsi barədə qərar qəbul edib.

Martın 16-da ABŞ-ın Ukraynaya ayırdığı 800 milyon dollarlıq silah-sursat yardımı paketində bir ordunun uğurlu müdafiə üçün ehtiyacı olan əksər silahlar vardı. Yeni hərbi yardım paketinə aşağıdakılar daxildir: 800 ədəd “Stinger” zenit-raket kompleksi; 6000 ədəd AT-4 tank əleyhinə qumbaraatan; 5000 ədəd tüfəng; 2000 ədəd süngü; 1000 ədəd daşınan tank əleyhinə idarə raket kompleksi (TƏİRK), o cümlədən 500 ədəd “Javelin” TƏİRK; 1000 ədəd tapança; 400 ədəd pulemyot; 400 ədəd qırma (saçma) tüfəngi; 100 ədəd pilotsuz uçuş aparatı; 100 ədəd digər model qumbaraatan; 25 min ədəd zirehli gödəkcə; 25 min ədəd dəbilqə; atıcı silahlar üçün patronlar, qumbaraatan və minaatanlar üçün sursatlar (ümumi sayı 20 milyondan çox).

Bundan başqa, 16 ədəd Mİ-17 helikopteri, pilotsuz və avtonom suüstü dəniz döyüş vasitələri (USVs), 100 ədəd “Switchblade 300” və 100 ədəd “Switchblade 600” süzən sursatlar (kamikadze PUA), o cümlədən “Switchblade”yə bənzər 121 ədəd yeni “Phoenix Ghost” taktiki pilotsuz uçuş aparatı, 100 ədəd “RQ-20 Puma” kəşfiyyat dornları, açıqlanmayan sayda APKWS lazer tuşlamalı aviasiya raketləri, 200 ədəd M113 zirehli döyüş maşını və 100 ədəd HMMWV zirehli avtomobili, 10 ədəd AN/TPQ-36 artilleriya əleyhinə radarı, 2 ədəd AN/MPQ-64 “Sentinel” hava müşahidə radarı, artilleriya əleyhinə və dronları izləmək üçün nəzərdə tutulmuş 4 ədəd radar və 4 ədəd minaatan əleyhinə radar, 72 ədəd 155 mm-lik M777 tipli uzaq mənzilli haubitsa və bu haubitsalar üçün 72 ədəd yedək maşını, 144 min ədəd artilleriya mərmisi, 18 ədəd 155 mm-lik M198 haubitsaları və 40 000 artilleriya mərmisi, habelə kimyəvi, bioloji, radioloji və nüvə (KBRN) mühafizə vasitələri, tibbi avadanlıqlar, 2000-dən çox optik və lazer məsafəölçən, C-4 partlayıcı maddə və maneələri aradan qaldırmaq üçün partladıcı avadanlıqlar, M18A1 “Claymore” piyada əleyhinə minalar ABŞ-ın Ukraynaya silah-sursat yardımları arasındadır.

Pentaqon həmçinin daha çox sayda Ukrayna qüvvələrinə “Switchblade” kamikadze tipli pilotsuz uçuş aparatlarından və digər silahlardan istifadə üzrə təlim keçməyin yollarını nəzərdən keçirir. Bu işdə ukraynalılara Avropada yerləşən ABŞ qoşunları kömək edəcək.

Əlavə amil odur ki, son səkkiz ildə Ukrayna ABŞ-da və NATO üzrə Böyük Britaniya və Kanada kimi müttəfiqlərdə mükəmməl təlim keçib. Britaniya hökuməti indiyədək Ukraynaya tank əleyhinə raketlər, hava hücumundan müdafiə sistemləri və digər silahlar göndərib.

FOTO: Ukrayna əsgəri Böyük Britaniya istehsalı olan NLAW tank əleyhinə idarə olunan raket kompleksi ilə atış edərkən

Mart ayında Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bəyan etdi ki, Ukrayna silahlı qüvvələrinə yüksəksürətli daşına bilən “Starstreak” zenit-raket kompleksləri, o cümlədən əlavə olaraq 3615 ədəd NLAW tank əleyhinə idarə olunan raket (TƏİR) tədarük edib. Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsindən əvvəl Britaniya Ukraynaya 2000 ədəd NLAW TƏİR göndərib.

Həmçinin İngiltərə baş naziri Boris Consonun aprelin 9-da Kiyevə səfəri zamanı Ukraynaya qurudan dənizə atılan, gəmiləri vurmaq üçün hazırlanmış “Harpoon” raketləri verəcəyi elan olunub. Məhz bundan az sonra Ukrayna Rusiyanın Qara dəniz donanmasının flaqman gəmisi olan “Moskva” kreyserini sahildən atılan raketlə vurduğunu elan edib. Bir çox ekspertlər “Moskva”nın “Harpoon”la vurulduğunu ehtimal edir.

Bundan başqa Böyük Britaniya Ukraynaya uzaq məsafəli artilleriya qurğuları, “Husky” MRAP və FV103 “Spartan” zirehli personal daşıyıcıları, habelə aşağı yüksəklikdə uçan təyyarə və helikopterləri vurmaq qabiliyyətinə malik “Stormer” HVM yüksək sürətli özüyeriyən raket qurğuları və sair tədarük edib.

Böyük Britaniya hökuməti Ukraynaya əlavə olaraq 1,3 milyard funt-sterlinq (1,60 milyard ABŞ dolları) dəyərində hərbi dəstək və yardım göstərəcəyini bildirib. Yeni öhdəlik Böyük Britaniyanın Ukraynaya əvvəlki dəstək öhdəliklərini demək olar ki, iki dəfə üstələyir və hökumət bu hesabatların təfərrüatlarını açıqlamasa da, bunun İraq və Əfqanıstandakı müharibələrdən bəri münaqişəyə sərf edilən ən yüksək xərc olduğunu bildirib. Hökumət həmçinin bildirib ki, bu ayın sonunda Ukraynada müharibənin yaratdığı artan tələblərə cavab olaraq istehsalın artırılmasını müzakirə etməkdən ötrü aparıcı müdafiə şirkətləri ilə görüş keçiriləcək. Böyük Britaniya bir neçə həftədən sonra Ukraynanı yüksək texnologiyalı “hava-yer” tipli “Brimstone” raketləri ilə təmin edə biləcək.

ABŞ və Böyük Britaniya ilə yanaşı digər NATO ölkələri də Ukraynaya böyük həcmdə müasir silah və sursatlar göndərib. Almaniya ilk vaxtlarda ehtiyatlı mövqe sərgiləsə də, daha sonra Berlin Ukraynaya hərbi yardımları artırıb. Ümumiyyətlə, Ukrayna müharibəsindən sonra Almaniya hökuməti hərbi xərclərini artırmağa, hətta bəzi məlumatlara görə 100 milyard avroluq xüsusi hərbi büdcə ayırmağa qərar verib. Ümumilikdə Ukrayna hökumət dairələrinin məlumatına görə, aprelin 21-dək Almaniyadan Ukrayna Silahlı Qüvvələrinə hərbi yardım proqramı çərçivəsində 5 min ədəd dəbilqə, müxtəlif silah və sursatlar, o cümlədən 2500 ədəd zenit raketi, 1000 ədəd tank əleyhinə idarəolunan raket, 900 ədəd tank əleyhinə reaktiv qumbaraatan və onların 3000 ədəd atəş yığımı, 100 ədəd MG3 pulemyotu və bunlar üçün 8 milyon patron, 15 ədəd tank əleyhinə kompleks və onlar üçün 50 ədəd raket gəlib. Həmçinin 100 min dəst əl qumbarası, 2000 dəst mina, 5300 ədədə yaxın partlayıcı atım və avtomatlardan tutmuş ağır pulemyotlara qədər əl atıcı silahı üçün müxtəlif çaplı 16 milyon ədəd patron tədarük olunub.

Habelə, Almaniya Ukraynaya 500 ədəd aşağı hündürlükdə uçan hava hədəflərinin məhv edilməsi üçün nəzərdə tutulan “Stinger” daşınan zenit-raket kompleksi, 1500 ədəd  “Strela” zenit-raket kompleksi (Almaniya hökuməti 2700 ədəd “Strela” ZRK tədarükü barədə qərar qəbul edib), 50 ədəd 3 km-ə qədər yüksəklikdəki hava hədəflərini məhv etmək qabiliyyətinə malik “Gepard” zenit-top kompleksi, 25 milyon dollar dəyərində 2650 ədəd qısaməsafəli döyüşlərdə tank əleyhinə istifadə oluna bilən “Matador” qumbaraatanları, o cümlədən 350 min qida paketi, 50 tibbi nəqliyyat vasitəsi və tibbi ləvazimatı göndərib. Bundan başqa, Almaniya hökuməti Ukraynaya 7 ədəd “Panzerhaubitzen 2000” (PzH-2000) özüyeriyən artilleriya qurğusu (ÖAQ) tədarük etməyi planlaşdırıb.

Ukraynanın müdafiə naziri Oleksiy Reznikovun imzaladığı məktubunda Ukrayna 100 ədəd “Marder” piyadanın döyüş maşınının (PDM) verilməsini xahiş etsə də, Almaniya “Marder” PDM-ləri Ukraynaya verməkdən imtina edib. Müdafiə Nazirliyi imtinasını onunla izah edib ki, “bizim özümüzə məxsus bütün “Marder” PDM-ləri NATO öhdəlikləri ilə bağlıdır, ona görə də qərar həm də Alyans çərçivəsində qəbul edilməlidir”. “Marder” PDM-lərin əvəzində Almaniya Müdafiə Nazirliyi keçmiş ADR-in hazırda Çexiyada olan ehtiyatlarından Ukraynaya PDM tədarükünə razılıq vermək qərarına gəlib.

Skandinav ölkələrindən İsveç Ukraynaya yüngül silahlarla yanaşı 5000 ədəd AT-4 tank əleyhinə qumbaraatan, 5000 ədəd zirehli gödəkcə, 5000 ədəd dəbilqə və 135 000 nəfərə yetəcək qədər ərzaq göndərib.

Norveç Ukraynaya Silahlı Qüvvələrinə 5000 ədəd dəbilqə, 1500 ədəd zirehli gödəkcə və 1000 ədəd əleyhqaz, 2000 ədəd yataq kisəsi, 10000 yataq kisəsi altlığı və 15000 ədəd əsgər payı, 4000 ədəd M72 LAW tank əleyhinə raket və 100 ədəd “Mistral” daşınan zenit-raket kompleksi və digər açıqlanmayan adda hərbi avadanlıqlar göndərib. 2022-ci il fevralın 28-də Norveç hökuməti Ukraynaya humanitar yardım üçün təxminən 267 milyon avro ayırıb, Rusiyanın Ukraynaya hücumuna cavab olaraq ilk növbədə BMT-nin Qaçqınlar Agentliyinə (UN Refugee Agency), Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatına (International Red Cross and Red Crescent Movement) və Ukrayna Humanitar Fonduna (Ukraine Humanitarian Fund) 34 milyon avroluq humanitar yardım edib. Bundan başqa, Norveç Ukraynaya ABŞ, Kanada, Belçika, Fransa, Almaniya və Niderlanddan sonra 20 ədəd 155 mm-lik M109A3GN tırtıllı özüyeriyən haubitsa tədarük edəcək. Bundan başqa, Norveç Ukraynaya silahlanması üçün yeni maliyyə yardımı ayıracağını bəyan edib.

Danimarka öz növbəsində Ukraynaya 25 ədəd “Heidrun” kəşfiyyat dronları göndərib. Finlandiya isə Ukraynaya müxtəlif həcmdə hərbi təyinatlı və humanitar yardımlar göndərib.

Polşa 20 ədəd BM-21 “Qrad”, 20 ədəd 122 mm-lik 2S1 “Qvozdika” özüyeriyən artilleriya qurğusu, 100-ə yaxın T-72M1/M1R tankları və zirehli döyüş maşınları, 100 ədəd Su-27 və MiQ-29 döyüş təyyarələri üçün nəzərdə tutulmuş R-73 raketi və böyük miqdarda silah və sursat göndərib. Polşa Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrini 500 ədədə qədər T-72M əsas döyüş tankı ilə təmin etmək niyyətindədir. Tanklarla birlikdə Polşa Ukraynaya BWP-1 (BMP-1 döyüş maşının lisenziyalı Polşa versiyası) piyada döyüş maşınlarını da tədarük edəcək. Bu döyüş maşınlarının sayı məlum deyil.

Estoniya Ukraynada münaqişə başlayandan bəri Kiyevə 230 milyon avro dəyərində hərbi təyinatlı məhsullar tədarük edib. Estoniya Müdafiə İnvestisiyaları üzrə Dövlət Mərkəzinin rəhbəri Maqnus Valdemar Saar bildirib ki, Ukraynaya göndərilən hərbi yardım paketlərinə müxtəlif növ silah-sursatlar, o cümlədən minaatanlar, tank əleyhinə qumbaraatanlar, tank əleyhinə idarə olunan raketlər, taktiki təkərli zirehli maşınlar, eləcə də xeyli sayda digər texnika daxil edilib. Hələ müharibədən əvvəl Estoniya Müdafiə Nazirliyi Ordunun silahlanmasından çıxarılan 2400 ədəd Sovet istehsalı olan 9 mm kalibrli “Makarov” (PM) tipli tapançanı Ukraynaya bağışlayıb. Estoniya Müdafiə naziri Jüri Luik Ukraynanı qətiyyətlə dəstəklədiklərini bəyan edib: “Estoniya Ukraynaya silah bağışlamaqla yanaşı, xüsusi təyinatlı qüvvələrin təlimində və hərbi tibb sahəsində bu ölkəni dəstəkləyir. Habelə Estoniya və Ukrayna ərazi və kiber müdafiə sahələrində birgə təcrübə mübadiləsi aparıb”. Bundan başqa, Ukraynaya sovet ordusundan qalma 9 ədəd D30 haubitsa göndərilib. Ukraynaya kömək etmək üçün əlavə imkanlar axtarışında olan Estoniya bu ölkəyə humanitar yardım da göstərib.

Hollandiya Ukrayna Silahlı Qüvvələrinə 3000 dəbilqə, 2000 zirehli gödəkcə, 30 metal detektoru,  2 dəniz minası axtaran robot, 2 döyüş meydanı müşahidə radarı, 5 silah müəyyən edən radar, 100 snayper tüfəngi və 30 000 patron göndərib. Bunlarla yanaşı Hollandiya hökuməti Ukraynaya 200 ədəd “Stinger” daşınabilən zenit-raket kompleksi (DZRK) və 50 ədəd tank əleyhinə qurğu verib.

Fransa ilkin olaraq Ukraynaya 100 milyon avro dəyərində hərbi təyinatlı geyim, yanacaq yardımı edib. Fransanın Müdafiə naziri Florens Parli Kiyevin yeni müraciətlərindən sonra Ukraynaya əlavə hərbi yardım göstərəcəklərini bəyan edib. Fransa prezidenti Emmanuel Makron bildirib ki, Ukraynaya 155 mm-lik CEASAR özüyeriyən artilleriya qurğuları verəcəklər. Fransanın digər silah yardımları açıqlanmayıb.

Belçika Ukraynaya kömək məqsədi ilə “FN Herstal” şirkətinin istehsalı 5000 ədəd avtomat, 200 ədəd “Milan” tank əleyhinə idarəolunan raket kompleksi, 2000 ədəd pulemyot, 3800 ton yanacaq, habelə dəbilqə, zirehli gödəkcə, görmə cihazları və hərbi geyimlər yardım edib. Belçikanın Baş naziri Aleksander De Kroo Belçika hökumətinin Ukraynaya hərbi yardımı davam etdirəcəyini bildirib. Onun sözlərinə görə, Belçika Ukraynaya müəyyən sayda 155 mm NATO çaplı M109 “Paladin” özüyeriyən artilleriya qurğularını (ÖAQ) verə bilər.

İndiyədək Çexiya Ukraynaya təxminən üç milyard kron (128 milyon ABŞ dolları) dəyərində hərbi yardım edib. Çexiya müharibə başlayandan bəri işğal olunmuş Ukraynaya atıcı silahlar, raketlər və tibbi avadanlıqlar göndərib. Daha sonra Çexiya Müdafiə Nazirliyi təhlükəsizlik səbəbi ilə sifarişlərin dəqiq tərkibini göstərməyi dayandırıb. Çexiya Müdafiə Nazirliyinin mətbuat xidməti təsdiqləyib ki, Çexiya Ukraynaya hərbi yardımla bağlı əməkdaşlıq modelinin yaradılması üçün Almaniya ilə danışıqlar aparır.

Çexiya KİV-in məlumatına görə, indiyədək Çexiya Ukraynaya ağır texnika, o cümlədən 152 mm-lik “Dana” özüyeriyən artilleriya qurğuları və bu “Dana”larda istifadə olunan 1,67 milyon ABŞ dolları dəyərində 4006 ədəd 152 mm-lik artilleriya mərmisi bağışlayıb. Bundan başqa, 122 mm-lik RM-70 yaylım atəşli reaktiv sistemlər (YARS), keçmiş SSRİ istehsalı olan T-72M1 tankları və BMP-1 piyada döyüş maşınları (PDM) göndərib. Ukrayna, həmçinin Ukrayna səfirliyi tərəfindən Çexiya Müdafiə Nazirliyinin dəstəyi ilə təşkil edilən ianə sayəsində Çexiyadan hərbi texnika alıb. Bu məqsədlə, Ukraynanın Praqadakı səfirliyində silah alışı üçün pul toplamaqdan ötrü xüsusi hesab da açılıb. Aprelin ortalarına qədər insanlar və şirkətlər ona bir milyard krondan çox maliyyə vəsaiti göndərib. Eyni zamanda, Çexiya silah şirkətləri Ukrayna hərbi texnikasının təmiri ilə də məşğul olurlar. Çexiya Müdafiə Nazirliyi elan edib ki, ilk müqavilə “Czechoslovak Group” şirkətləri tərəfindən T-64 tanklarının həyata keçirilmiş təmiridir.

Mart ayının 14-də Çexiya müdafiə naziri Jana Çernoqova bildirib ki, Çexiya Ukraynaya 31.5 milyon ABŞ dolları (725 milyon Çexiya kronu) dəyərində növbəti dəfə hərbi yardım göndərib. Jana Çernoqova qeyd edib ki, Çexiya Ukraynaya hərbi yardımını bundan sonra da davam etdirəcək.

Rusiya-Ukrayna müharibəsi başlayandan Türkiyə Ukraynaya “Bayraktar TB2” PUA-ları və daha bir neçə ədəd kəşfiyyat məqsədli “Mini-Bayraktar” dronları göndərib. Bundan başqa Bolqarıstan, Finlandiya, Kanada Ukraynaya müxtəlif həcmdə hərbi təyinatlı və humanitar yardımlar göndərib. Bu siyahı demək olar ki, hər gün yenilənir.

Ukraynaya silah və sursatların tədarükündə konkret hansı ölkələrin iştirak etdiyi barədə məlumatları üzə çıxaran infoqrafika da yayımlanıb. Qərb ölkələri, o cümlədən NATO ölkələri, Polşanın Rzeşov şəhərindən Ukraynaya hərbi texnika və silahların sonrakı daşınması üçün tranzit məntəqə və ya mərkəz kimi istifadə edir. Müxtəlif ölkələrin nəqliyyat təyyarələri demək olar ki, hər gün ora uçur. Təyyarələrdə pilotsuz uçuş aparatları, tank əleyhinə komplekslər, daşınan zenit-raket kompleksləri, atıcı silahlar, onlarla ton döyüş sursatı, minaatanlar və s. var. Bəzi ölkələr müstəsna olaraq qeyri-ölümcül yüklərin, o cümlədən dəbilqələrin, zirehlərin, ordu kamuflyajının tədarükünü həyata keçirir. Təqdim olunan infoqrafikaya baxdıqda, o zaman təchizat çeşidi üzrə liderlər arasında Amerika Birləşmiş Ştatları, Estoniya və Türkiyə kimi NATO ölkələri var. NATO strukturuna daxil olmayan ölkələr arasında Ukrayna Silahlı Qüvvələri üçün təchizatların nomenklatura maddələrinin sayına görə Finlandiya liderdir. Siyahıya Britaniya, İrlandiya, Polşa, Sloveniya, İspaniya, İsveç və s. kimi ölkələr də daxildir. Fransa və Almaniya silahdan başqa, Ukrayna silahlı birləşmələrini yanacaqla təmin edir.

Və nəhayət lend-liz

Aprelin 28-də ABŞ Nümayəndələr Palatası Ukrayna üçün lend-liz haqqında qanun layihəsini qəbul etməklə Ukraynaya böyük bir yardım paketi işə düşmüş oldu.

Nümayəndələr Palatasının qəbul etdiyi lend-liz və Ukraynada demokratiyanın qorunması haqqında qanun onunla əsaslandırılıb ki, həmin tədbir silahlı münaqişə dövründə ölkənin bundan sonra da müdafiə edilməsi üçün Ukraynaya silah tədarükünü əhəmiyyətli dərəcədə sürətləndirməyə kömək edəcək. Qanun qəbul ediləndən sonra Prezident Co Bayden Ukraynaya müdafiə vasitələrinin təqdim edilməsi və ya icarəyə verilməsi üçün daha geniş səlahiyyətlərə malik olacaq.

Yardım paketinin həcminin 30 milyard dollar olduğu ehtimal edilir. Bunun təxminən 20 milyardlıq hissəsi silah və hərbi texnika olacaq. İlkin məlumatlara əsasən lend-liz nəticəsində və ABŞ-ın Ukraynaya əvvəllər elan etdiyi 20 milyard dollarlıq hərbi yardımın bir hissəsi kimi Kiyevə üçüncü nəsil M1A2 “Abrams” tankları; M2A3 “Bradley” piyada döyüş maşınları; M109A6 “Paladin” özüyeriyən artilleriya qurğuları; təkərli şassi üzərində HIMARS yaylım atəşli reaktiv sistemləri; universal MLRS M270 YARS atıcı qurğuları; Norveçin NASAMS 2 hava hücumundan müdafiə sistemi; “Patriot” ZRK; 4-cü nəsil F-16 C/D çoxfunksiyalı yüngül qırıcıları; S-300 hava hücumundan müdafiə sistemi veriləcək.

Moskva bu silahların müharibənin taleyini dəyişəcəyini və başqa sözlə, müharibənin Rusiya üçün Ukrayna bataqlığına çevriləcəyini artıq anlayır. Rusiya müdafiə naziri Sergey Şoyqu Ukraynaya silah daşıyan nəqliyyat vasitələrinin vurulacağını bəyan edib. Amma bu hədənin prosesə təsir göstərəcəyi inandırıcı deyil.

Müharibənin taleyini dəyişən silahlar

Göründüyü kimi, NATO silahlarının əsas hissəsi müdafiə xarakterlidir və böyük ordunu dayandırmaq üçün nəzərdə tutulub. Silahların həcminə və təyinatına baxdıqda bunların planlı olaraq seçildiyi aydın olur.

Məlum olduğu kimi, bütün müasir müharibələr həm də yeni silahlar üçün sınaq meydanıdır. Ukrayna müharibəsində NATO silahları Rusiya silahlarına qarşı növbəti dəfə sınaqdan çıxarıldı. Bu müharibədə ən çox diqqəti cəlb edən silahlar dronlar və tank əleyhinə raket qurğuları oldu.

İlk növbədə Türkiyə istehsalı olan “Bayraktar TB-2” pilotsuz uçuş aparatları qeyd olunmalıdır. Daha əvvəl 2020-ci ildə Suriyanın şimalında, ardınca həmin ilin yayında Liviyada, payızda isə Azərbaycanda döyüş əməliyyatlarında uğurlu nəticə göstərən “Bayraktar TB-2”lər hazırda Ukraynada əsas silahlardan biridir.

Daha bir diqqət cəlb edən silah ABŞ ordusunun “Switchblade” kamikadze tipli pilotsuz uçuş aparatlarıdır. “Switchblade 600” aparatları döyüş başlığına malik süzən sursatlardır. “Switchblade 600” minaatanla işə salınır, havaya atıldıqdan sonra qanadları açılır və mühərriki işə salır. Operator tərəfindən idarə olunaraq hədəfi nişan alır. İlk “Switchblade” 1,5 kq ağırlığında, sonrakı “Switchblade 300” və ən sonuncu 600 modellərində sürət və döyüş başlığının çəkisi daha da artıb.

Ukrayna müharibəsində ən çox diqqət toplayan ABŞ istehsalı olan “Javelin” və Böyük Britaniya istehsalı olan NLAW tank əleyhinə idarə olunan raket kompleksləri oldu. Qeyd edək ki, “javelin” yeni silah hesab olunmur. İlk dəfə İraq müharibəsi zamanı istifadə olunan bu sistemlərin hazırkı modifikasiyaları 4 min metrlik atəş məsafəsinə malikdir və 600-700 millimetrlik zirehi dağıda bilir. ABŞ Rusiyanın Ukraynaya hücumunun başladığı 24 fevraldan bu yana Ukraynaya 4000 ədəd “javelin” bağışlayıb.

Böyük Britaniya isə Ukrayna ordusuna 3600 ədəd NLAW (Next generation Light Anti-tank Weapon) hədiyyə edib. NLAW raketləri tankların üzərində partlaya bilir və bu səbəbdən də rus-sovet istehsalı tanklar üçün qorxulu silahdır. Ukraynalı döyüşçülər daşına bilən bu silahlar vasitəsilə yüzlərlə rus tankını və zirehli texnikasını sıradan çıxarıb.

Ruslar niyə uğursuzluğa düçar oldular

Əlbəttə, müharibədə ukraynalıların cəsarətli və əzmkar müqaviməti həlledici rol oynayır. Lakin nəzərə almaq lazımdır ki, Rusiya hərbi gücü, resursları, canlı qüvvə baxımdan Ukraynadan üstündür. Üstəlik Rusiya ordusu bu müharibəyə uzun müddət hazırlaşmışdı. Lakin bununla belə uğursuzluğa düçar oldu. Rusiyanın Ukraynaya hücumunda bir neçə zəif nöqtəsi üzə çıxdı. Bu nöqtələr nələr idi.

Ümumiləşdirməli olsaq, Rusiyanın Ukraynaya hücumu zamanı qarşılaşdığı uğursuzluğun əsas səbəbi bu ölkədəki korrupsiya oldu. Bu özünü bir başa orduda və kəşfiyyat fəaliyyətində göstərdi.

Əlbəttə, müharibə edən, hücuma keçən ölkə ilk növbədə hücum etdiyi ərazini yaxşı tanımalı, dəqiq kəşfiyyat məlumatlarına və arxa cəbhə hazırlığına malik olmalıdır. Bu qayda qədim Çin döyüş sənətlərindən Çingiz Xan dövrünə qədər hər zaman aktual olub.

Lakin məlum oldu ki, Ukraynaya hücum edən Rusiya ordusunun kəşfiyyat hazırlığı zəif olub, daha dəqiqi olmayıb. Halbuki Rusiyanın coğrafi və etnik baxımdan Ukraynaya təsiri çox idi. Lakin müharibənin sonrakı günlərində məlum oldu ki, Rusiya kəşfiyyatının Ukraynadakı fəaliyyəti üçün ayrılmış vəsaitlər Kreml və kəşfiyyat idarələrində oturan səlahiyyətlilər tərəfindən yeyilib və faktiki iş görülməyib.

FOTO: Krımın şimalındakı Armyansk şəhərində hərəkət edən Rusiya ordusunun hərbi kolonu

İkinci ən mühüm amil ordudakı korrupsiya və yeyintinin üzə çıxması oldu. Məlum oldu ki, dünyanın ən güclü ikinci ordusunun iri komplektləşmə üçün hazırlığı olmayıb. Ukraynaya hücum üçün 100 mindən bir qədər çox qüvvə toplayan Rusiya hərbi əməliyyatlara artıq çox köhnəlmiş hesab olunan BMP-1 piyadaların döyüş maşını, həmçinin artıq köhnəlmiş toplardan istifadə etməsi heyrət doğurdu.

Rusiya ordusunun daha bir çatışmazlığı hücum taktikasının müasir tələblərə cavab verməməsi oldu. Faktiki olaraq Rusiya ordusu Ukraynada İkinci Dünya Müharibəsindən qalmış hücum taktikasından istifadə etdi. Ordu qüvvələrinin düşmənin mümkün hava hücumundan müdafiə və artilleriya silahlarını məhv etmədən “zəncir” düzülüşü ilə tankların alçaqdan uçan helikopterlərin iştirakı ilə həyata keçirilən hücum taktikası müasir müharibələr üçün həddən artıq köhnəlmiş hesab olunur. Bunun nəticəsidir ki, Rusiya ordusu müharibənin ilk günlərindən etibarən böyük sayda tank və helikopter itirdi və itirməkdə davam edir. Rusiyanın müharibənin ilk 3 günündə itirdiyi texnika və canlı qüvvəni ABŞ ordusu bütün kampaniya ərzində İraq və Əfqanıstanda itirməmişdi. Bu da Rusiya baş hərbi qərargahının Ukraynada xüsusi hücum əməliyyatı planını hazırlamadığını göstərirdi. “Hibrid müharibənin” ustası hesab olunan Rusiya ordusu Baş Qərargah rəisi Valeri Gerasimovun böyük müharibə üçün o qədər də hazırlıqlı kadr olmadığı üzə çıxdı.

Nəticə

Əlbəttə, müharibənin taleyini ilk növbədə insanlar müəyyən edir. Bu qayda min illərdir dəyişmir. Lakin dəyişməyən daha bir qayda var ki, döyüşlərin taleyi həm də güclü silahlardan asılıdır. Bu mənada Ukrayna müharibəsi ciddi təcrübə oldu.

Aydın məsələdir ki, Rusiya və Ukrayna orduları, dövlətlərin iqtisadi potensialı fərqlidir və Rusiya hələ də dünyanın ən güclü ordularından birinə sahib ölkədir. Geniş meydan müharibəsinə hesablanmış Rusiya ordusu Ukrayna hərbi qüvvələri qarşısında ciddi üstünlüyə malikdir. Hazırkı döyüşlərin gedişatı göstərir ki, Rusiya ordu komandanlığı da anlayır ki, Rusiya ordusu Ukraynada kontr-gerilla müharibəsində məğlubiyyətə məhkumdur. Buna görə də müharibənin gedişini dəyişmək üçün ruslara geniş, böyük qüvvələrin üz-üzə gəldiyi meydan müharibəsi lazımdır. Hələlik Ukrayna ordusu bundan yayınır və rusları gerilla müharibəsi ilə zəiflətməyə çalışır. Bu prosesin nə qədər davam edəcəyi, rusların ukraynalıları meydan müharibəsinə vadar edib-etməyəcəyi məlum deyil.

Ancaq bir şey dəqiq məlumdur: Rusiya istənilən halda bu müharibədə ağır zərbə almış oldu. Rusiya müharibədə ağır zərbə aldı, ciddi miqdarda canlı qüvvə itki verdi, çoxlu sayda silah və texnika itirdi. Əvəzinə çox ciddi və ağır sanksiyalara məruz qaldı. Hansılar ki, tibdən ağır sənayeyə qədər müxtəlif sahələri əhatə edir.

Rusiya Ukrayna müharibəsi ilə Vyetnam müharibəsində ABŞ-ın, Əfqanıstan müharibəsində SSRİ-nin taleyini yaşamalı olacaq. Bu isə ən yaxşı halda “Pirr qələbəsi” olacaq. Yəni ağır itkilər və cüzi uğur. PQ

Kənan Rövşənoğlu

Poliqon jurnalı №2 (58) Mart-Aprel 2022

0 yorum:

Yorum Gönder